Haqqımızda

Ermənistanın Azərbaycana qarşı təcavüzünün qarşısını almaq məqsədi ilə 27 Sentyabr 2020-ci ildə bütün cəbhə boyu əks-hücuma keçən Azərbaycan Ordusu Birinci Qarabağ Müharibəsi zamanı Ermənistan tərəfindən işğal edilmiş ərazilərimizi azad etməyə başlamışdır.

44 gün davam edən və ‘Vətən Müharibəsi’ olaraq tarixə düşən müharibə Azərbaycanın qələbəsi ilə başa çatmışdır. 10 noyabr 2020-ci ildə Azərbaycan, Ermənistan və Rusiya prezidentləri arasında imzalanan üçtərəfli bəyanat Ermənistanın kapitulyasiyası ilə nəticələnmişdir. 1 Dekabr 2020-ci il etibari ilə Azərbaycan öz ərazi bütövlüyünü bərpa etmişdir. Şuşanın işğaldan azad edildiyi 8 Noyabr tarixi Azərbaycanda “Zəfər günü” olaraq qeyd edilməyə başlanmışdır.

44 günlük müharibə nəticəsində 30 ilə yaxın Ermənistan tərəfindən işğalda saxlanılan ərazilərimiz Azərbaycan Respublikasının Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Müzəffər Azərbaycan Ordusu tərəfindən azad edilmişdir.

İşğaldan azad edilən ərazilərimizdə Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə geniş miqyaslı quruculuq işlərinə, dirçəliş prosesinə başlanmışdır. Zəfərdən sonra bu istiqamətdə gedən prosesləri göstərən ‘Zəfərdən Dirçəlişə’ portalı Zəfər günündən sonrakı 1 il ərzində Cənab Prezidentin işğal edilmiş ərazilərlə bağlı verdiyi sərəncamları, həmin ərazilərə səfərləri, iştirak etdiyi tədbirlərdə çıxışları, bir sözlə işğaldan azad edilən ərazilərimizin dirçəlişi ilə bağlı məlumatları özündə ehtiva edir.